Heç vaxt ipə-sapa yatan biri olmayıb - nə uşaq ikən, nə 10 il əvvəl, nə də indi. Böyük publika önünə cəmi 16 yaşında çıxsa da, qorxmadı, çəkinmədi. Məhz bunun hesabına adlı-sanlı müdafiəçilərin belə kabusuna çevrilməyi, adını bütün dünyaya tanıtdırmağı bacardı. Klub səviyyəsində arzuladığı uğurlara imza ata bildi, millinin heyətində ən çox fərqlənən futbolçuya çevrildi. Uğurlu dönəmini daha bir neçə il davam etdirə bilərdi. Amma mənfi xüsusiyyətlərinə uduzdu. Ona 4 övlad dünyaya gətirən həyat yoldaşına dəfələrlə xəyanət etməsi azmış kimi, son illərdə adı içki düşkünü kimi hallanmağa başladı, ailəsinin dağılması təhlükəsi ilə üzləşdi. Lent.az-ın “Sirli ulduzlar”ında bu dəfə söhbət İngiltərə yığmasının və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runidən gedir...
“Ailəm “Liverpul”a nifrət edirdi”
1985-ci il, oktyabrın 24-də Liverpulda anadan olub. İrland əsilli ailədə dünyaya göz açan körpənin atası Tomas limanda işləyirdi, anası Canet Meri isə evdar qadın idi. Ueyndən sonra ailədə daha 2 oğlan övladı - Con və Qrem doğulub. Runinin atası və qohumları futbola maraq göstərən olublar. Maraqlıdır ki, Liverpul şəhərinin eyniadlı komandasına yox, “Everton”a azarkeşlik ediblər. Onların bu sevgisi balaca Ueynə də keçib. “Uşaqlıqdan “Everton” fanatı olmuşam. Ailəm “Liverpul”a nifrət edirdi. Bu hiss mənə də keçdi”, - uşaqlıq illərini yada salır Runi.
Məktəbdən “Everton”a
Bütün günü top dalınca düşən 7 yaşlı Runini atası futbola yazdırır. Məktəb komandasında 72 qol vuran Ueynin oyununu “Everton”un skautları bəyənir və onu baxışa dəvət edirlər. Gələcəyin ulduzu 11 yaşında baxışdan uğurla keçir. Sevimli klubunda da özünü yaxşı tərəfdən göstərən Runi 15 yaşında ikən artıq 19 yaşlılardan ibarət komandada yer alırdı.
2002-ci il. Hələ 17 yaşını tamamlamayan Runi üçün tarixi şans yaranır: o, “Everton”un əsas komandasında debüt edir. Böyük futbolda ilk matçını “Tottenhem”ə qarşı keçirən Ueynin oyunu uğurlu alınır. Bundan sonra məşqçilər korpusu onu birdəfəlik əsas komandanın məşqlərinə cəlb edir. Və qısa zamanda yeniyetmə oğlan “Everton”un liderinə çevrilir.
Avropa çempionatında parlayır
Meydanda döyüşən, sona qədər mübarizə aparan Runi həm də məhsuldarlığı ilə seçilirdi. Bu xüsusiyyətlərinə görə azarkeşlər tərəfindən “Şrek” ləqəbinə layiq görülmüşdü. 2003-cü ildə İngiltərə yığmasının qapıları onun üzünə açılır. Həmin vaxt 15 il millinin formasını geyinəcəyini və 120 oyunda 53 qol vurmaqla İngiltərə futbolunun tarixinə düşəcəyini ağlına belə gətirməzdi. AÇ-2004-ə yollanan ingilislərin heyətində Ueyn də yer alır. Məhz bu turnir Runini daha böyük kütləyə tanıtdırır.
Yeni səhifə: “Mançester Yunayted”ə keçid
Qrupda həm İsveçrə, həm də Xorvatiya ilə görüşdə dublla yadda qalır. Lakin 1/4 finalda meydan sahibi Portuqaliya onların yolunu kəsir və İngiltərə turnirlə erkən vidalaşır. Elə həmin ilin avqustunda Runinin karyerasında yeni səhifə açılır: “Mançester Yunayted” 27 milyon funt-sterlinq qarşılığında onu transfer edir. “Mankunianlar”ın əfsanəvi baş məşqçisi Aleks Ferqyuson çox bəyəndiyi Runinin başqa kluba keçidinə imkan verə bilməzdi.
13 illik karyeraya son
“Qırmızı şeytanlar”da əvvəlcə 8 nömrəli formanı geyinsə də, 2006-cı ildə Rud van Nistelroyun gedişindən sonra “10 nömrə”yə sahib çıxır. Ueyn “Mançester Yunayted”də əsl ulduza çevrilir: 13 il formasını geyindiyi komandada 5 dəfə İngiltərə çempionu olur, bütün daxili kuboklara sahib çıxır, üstəlik Çempionlar Liqası, Avropa Liqası və Klublararası dünya çempionatının qalibi adını qazanır. 559 oyunda 253 qola imza atır. Joze Mourinyonun gəlişindən sonra ehtiyatda qalmağa başlayan Runi 2017-ci ildə “Mançester Yunayted”dən ayrılır.
Bobbi Çarltonun rekordunu təzələyir
Yetirməsi olduğu “Everton”a qayıdan təcrübəli futbolçu 2 illik müqaviləyə qol çəksə də, doğma klubunda cəmi 1 mövsüm oynayır. 2018-ci ildə ABŞ-a yollanaraq “Di Si Yunayted”lə sazişə imza atır. Bu ildən isə Çempionşip təmsilçisi “Derbi Kaunti”nin oyunçusudur.
Yığmada son görüşünü 2018-ci ildə ABŞ-a qarşı keçirir. Runiyə qədər millinin ən məhsuldar futbolçusu statusunu Bobbi Çarlton daşıyırdı (49 qol). 45 ildən sonra onun rekordunu yeniləyən məhz Ueyn olmuşdu. Yığmada heç bir titul qazanmasa da, millinin ən çox qol vuran futbolçusu olması ilə öyünməyə haqqı var.
“Atam onu qovdu”
Şəxsi həyatına gəlincə, Runi evlidir, 4 oğlu var. Xanımı Kolinlə bir-birlərini uşaqlıq illərindən tanıyırlar. Eyni məhəllədə böyüyüblər, eyni məktəbdə oxuyublar. İlk vaxtlarda Kolinin Ueyndən xoşu gəlmirmiş: “Runini uşaq vaxtlarımdan tanıyıram. Bütün günü küçədə gəzirdi. Yadımdadır, bir gün qardaşlarımla oynayanda onların tennis raketkalarını sındırdı. Atamın onu necə qovduğunu yaxşı xatırlayıram. Dedi ki, Ueyn başqalarının əşyalarına dəyər vermir. Çox kobud idi”, - həmin anları yada salır Kolin.
“Məhz o gün cəlbedici olduğunu anladım”
Ancaq bir müddət sonra Kolinin Ueyn haqda fikirləri dəyişir. Artıq Runinin 16 yaşı var idi. Bir gün Braziliya yığmasının futbolkasını geyinərək küçəyə çıxmışdı. Həmin an Kolin ona çox gülmüşdü. Axı futbolka Runinin əyninə balaca idi. “Nə qədər qəribə səslənsə də, məhz o gün Ueynin cəlbedici olduğunu anladım. Ona diqqətlə baxdım və gördüm ki, gözəl gözləri, xoş təbəssümü var, gülməli oğlandır”, - deyir Kolin.
Elə o gündən sevgili olurlar. 2008-ci ildə isə Ueyn və Kolin ailə həyatı qururlar. İlk dəfə 2009-cu ildə ata olan Runinin 2013, 2016 və 2018-ci illərdə də oğlu dünyaya gəlir.
48 yaşlı fahişə ilə görüşdüyü üzə çıxır
Cütlük arasında bu vaxtadək az qalmaqal yaşanmayıb. Hələ toylarına qədər Kolin Ueynin xəyanət etdiyini öyrənə bilmişdi. AÇ-2004-dən sonra gənc futbolçu Şarlotta Qlover adlı qızla əylənmiş, gecəni birlikdə keçirmişdilər. 2004-cü ilin sonunda isə mətbuat Runini 48 yaşlı fahişə Patrisiya Tirna ilə münasibətdə ittiham etmişdi. Maraqlıdır ki, həmin vaxt Patrisiya Runi ilə görüşdüyünü etiraf etsə də, aralarında cinsi əlaqənin olmadığını demişdi. Bu qalmaqaldan sonra Ueyn fahişəxana və massaj salonlarına getdiyini boynuna almışdı. Bütün bunlara baxmayaraq, Kolin ondan üz döndərmədi.
“Məni evinə dəvət etdi, getmədim”
Toylarından sonrakı 1 il sakit keçsə də, 2009-cu ildə Runi yenidən pis olayla diqqət mərkəzinə düşür. Cennifer Tompson adlı fahişə mətbuata açıqlama verərək, Ueynlə münasibət yaşadığını bildirir. O, Kolinin ilk hamiləliyi zamanı da Runi ilə tez-tez görüşdüklərini, futbolçunun hər gecə üçün ona 1000 funt ödədiyini açıqlayır: “4 ay ərzində 7 dəfə cinsi əlaqədə olduq. Arvadı yanında olmayanda məni evinə də dəvət etmişdi, getmədim. Fikrimcə, Runi münasibətdə olduğumuzu gizlətmirdi. Ümumiyyətlə, həyat yoldaşına xəyanət etdiyinə görə heç narahat deyildi. Xanımı qarnında uşaq daşıyanda da yanıma gəlirdi. Hamilə vaxtı mənimlə eyni cür davranılmasını istəməzdim”. Kolin bu açıqlamadan xəbər tutsa da, yenə özündə güc taparaq ərini bağışlayır.
“Hələ də yanındadırsa, deməli, ağılsızdır”
2010-cu ildə mətbuatda “ŞOK! Runi yenə həyat yoldaşına xəyanət edir!” başlıqlı yazı çıxır. Bu dəfə 24 yaşlı Helen Vud açıqlama verir: “Ueyn məndən əlavə 10 rəfiqəmlə yatıb. Həyat yoldaşı Kolinə niyə yazığım gəlməlidir? Səni dəfələrlə aldadan kişi ilə evli qalmaq üçün ağılsız olmalısan. Hələ də Runinin yanındadırsa, deməli, ağılsızdır”. Bu açıqlamadan sonra da Kolin Ueyndən ayrılmır: “Həmişə böyük ailəmin olmasını istəmişəm. Həyatımı övladlarıma həsr etmişəm. Onların xətrinə Ueyni dəfələrlə bağışlamışam”.
Hər dəfə bağışlasa da, Kolinin səbri getdikcə tükənirdi. Runi isə olanlardan dərs çıxarmayıb, imicini ləkələməyə davam edirdi.
Hava limanında dava, ofisiant qızla münasibət...
2019-cu il. Runinin adı növbəti dəfə neqativ hadisədə hallanır. Bu dəfə Vaşinqton aeroportunda sərxoş vəziyyətdə dava salması ilə gündəmə gəlir. Hava limanında ətrafdakılara qarşı nalayiq hərəkətlər edən, söyüş söyən futbolçu həbs olunur. Lakin sonradan cərimə ödəyərək, sərbəst buraxılır. Artıq təngə gələn Kolin bu hadisədən sonra övladlarını da götürərək, evi tərk edir. O, 11 illik ailə həyatına son qoymaq fikrinə düşür. Həmin ərəfədə Runinin ofisiant qızla münasibətdə olduğunu da öyrənir və nişan üzüyünü ərinin üzünə çırpır. O da məlum olur ki, sən demə, Ueyn son illərdə spirtli içkiyə qurşanıbmış. Məhz bu səbəbdən Kolin onun ABŞ klubuna keçməsini, yeni həyata başlamasını istəyib.
“Bir də xəyanət etsən, boşanacağam”
Boşanmaq üzrə olan Kolin Ueynin yalvarışlarından sonra fikrindən dönür, evinə qayıtmağa razılaşır. Ancaq ərinin qarşısına şərt qoyur: alkoqolizmdən müalicə olunmasa, bir də xəyanət etsə, ondan boşanacaq! Runi yoluna düzələcəyinə dair söz verir.
Verdiyi sözü sonadək tutmaq məcburiyyətindədir. Əks halda, Kolin bir də onu bağışlamayacaq...
Rizvan Babayev